Abşerondakı eşşək fermasını araşdırmağa başlayıblar

Eşşək ferması

Abşeron rayonu ərazisində fəaliyyətə başlamış eşşək (ulaq) təsərrüfatı istehsal etdiyi məhsulları müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə (QTA) göndərib. Agentlik bunun ardınca təsərrüfatda yoxlamalara başlayıb.

«Ancaq nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlayıb. Qeyd olunanlar «Yeyinti məhsulları haqqında» Qanunun kobud şəkildə pozulmasıdır. Bununla bağlı Agentlik həmin təsərrüfat subyektinin fəaliyyətini nəzarətə götürüb. Heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib», - agentliyin açıqlamasında bildirilir.

Ulaq fermasının qeydiyyatdan keçmədən fəaliyyətə başladığını qeyd edən QTA eşşək südünün faydalı olması barədə yayılan məlumatları da şübhə altına alıb.

«Heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir. Bu insanlar arasında çaşqınlığa gətirib çıxarır», - açıqlamada qeyd edilib.

Abşerondakı ulaq təsərrüfatının rəhbərliyindən, hələlik, QTA-nın açıqlamasına münasibət öyrənmək mümkün olmayıb.

Bakıda eşşək fermasının fəaliyyətə başlaması, sözügedən heyvanın südünün satışa çıxarılacağı barədə məlumatlar bir neçə gün idi ki, yerli mediada açıqlanmışdı. Orada 1 litr eşşək südünün 80 manata təklif edildiyi bildirilirdi. Hətta bu mövzu sosial şəbəkələrdə də qızğın müzakirə edilir. Bəzi insanlar yazır ki, «Azərbaycanda 50 manata satılan eşşəyin 1 litr südü 80 manata təklif edilir».