İfrat sağçı deputat Braziliyanın prezidenti seçilib

Jair Bolsonaro

İfrat sağçı konqresmen Jair Bolsonaro Braziliyada prezident seçkisinin ikinci turunda qalib gəlib. Ölkənin seçki komissiyasının məlumatına görə, oktyabrın 28-də bülletenlərin demək olar, hamısı sayılıb və Bolsonaro səslərin 55,5 faizini qazanıb. O, Fəhlələr Partiyasından solçu Fernando Haddada qalib gəlib. Haddad səslərin 44,4 faizini yığıb.

Braziliyada səsvermə məcburidir, 147 milyon nəfərin səsvermə hüququ var.

“Braziliyanın taleyini birlikdə dəyişəcəyik”, – Bolsonaro qalib elan olunandan sonra deyib, “Bibliya və konstitusiyaya” əməl edəcəyinə and içib.

“Daha sosializm, kommunizm, populizm, solçuların ekstremizmini nazını çəkə bilmərik”, – o deyib.

63 yaşlı Bolsonaronun tərəfdarları Rio de Janeyroda atəşfəşanlıq keçirib.

Bir çoxları Bolsonaronun qələbəsinin ölkəni son 15 ilin 13-nü idarə etmiş, qalmaqalla üzləşmiş PT-nin rədd olunması sayəsində mümkün olduğunu düşünürlər. O, polisə daha çox səlahiyyət verməklə cinayətkarlarla mübarizə vədi verib, braziliyalıları bu məqsədlə daha çox silah almağa çağırıb.

Bəzi sakinlər isə Bolsonaronun insan haqlarını gözardı edəcəyindən, vətəndaş azadlıqları və azad sözü məhdudlaşdıracağından narahatdır. O, ölkəni 1964-1985-ci illərdə idarə etmiş hərbi diktaturaya rəğbətini gizlətmir, onun solçu müxalifətə verdiyi işgəncəni müdafiə edir.