Prezident Şəki-Kiş avtomobil yolunun açılışında

İ.Əliyev və M.Əliyeva

Oktyabrın 29-da prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki rayonuna səfərləri çərçivəsində yeni inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

H.Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb, tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bundan sonra dövlət başçısı Bayraq Muzeyinin açılışına qatılıb. Dövlət başçısına məlumat verilib ki, muzey Bayraq Meydanında yerləşir, hündürlüyü 72.4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub.

Daha sonra da prezident Şəki-Kiş avtomobil yolunun açılışını da edib. Prezidentə bildirilib ki, yolun uzunluğu 7.2 kilometrdir.

Habelə qeyd edilib ki, Kiş çayı üzərində körpü də bərpa edilib. Yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində piyada səkiləri də yaradılıb.

Prezident Əliyev Şəkiyə gedib

Bu gün, oktyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Prezident İ.Əliyevin Şəki rayonunda bir sıra obyektin açılışında iştirak edəcəyi gözlənir.

Dünən, oktyabrın 28-də isə prezidenti İ.Əliyev və xanımı M.Əliyeva Qax rayonuna getmişdilər. Onlar Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, Qax Damazlıq İpəkçilik Stansiyasının və bir sıra başqa obyektin açılışına qatılmışdılar.