Merkel kansler vəzifəsindən də gedəcəyini deyir

Angela Merkel partiya iclasında

Angela Merkel partiyasının iclasında onu da deyib ki, 2021-ci ildə vəzifə müddəti bitincə kanslerlikdən gedəcək və CDU-dan deputat kimi namizədliyini də verməyəcək.

“Reuters” partiyadakı mənbələrə istinadla yazır ki, artıq üç nəfər partiya rəhbərliyinə namizədliyini elan edib. Onların içində Merkelin dəstəklədiyi şəxs, CDU-nun baş katibi Annegret Kramp-Karrenbauer də var.

Digər iki nəfər isə Merkelin mühafizəkar alyansının parlamentdəki keçmiş lideri Friedrich Merz və səhiyyə naziri Jens Spahn-dır.


***

Almaniyanın Kansleri Angela Merkel Xristian Demokratik Birlik (CDU) partiyasına deyib ki, partiya rəhbərliyinə namizədliyini verməyəcək, amma kansler kimi vəzifəsində qalmaq istəyir. Xəbəri Almaniyanın dpa agentliyi oktyabrın 29-da yayıb.

Dpa məlumatda CDU-dakı mənbələrə istinad edir.

Qeyd edək ki, Almaniyanın iki vilayətində keçirilən parlament seçkilərində Merkelin mühafizəkar blokuna dəstəyin azaldığı üzə çıxıb.

Oktyabrın 28-də Hesse vilayətində keçirilən seçkidə CDU-ya dəstəyin 10 faiz azaldığı bəlli olub. Oktyabrın 14-də isə CDU-nun Bavariyadakı “qardaş” partiyası olan Xristian Sosial Birliyi (CSU) oxşar itkiylə üzləşib.

CDU dekabrdakı konfransda partiyaya yeni rəhbər seçməlidir. Merkel 2000-ci ildən partiya sədridir, 2005-ci ildən Almaniya lideridir.

Merkelin sələfi, sosial demokrat Gerhard Schroeder 2004-cü ildə SPD partiyasının liderliyindən getsə də, kansler vəzifəsində qalmışdı.