Shoigu Avropaya xəbərdarlıq edir

Sergei Shoigu (solda) və Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov, arxiv fotosu

Vaşinqtonun nüvə silahları sazişindən çıxması Avropa üçün “ciddi fəsadlar” yarada bilər. Bu xəbərdarlıqla Rusiyanın müdafiə naziri Sergei Shoigu çıxış edib. O, oktyabrın 20-da Moskvada səfərdə olan yunanıstanlı həmkarına deyib ki, Avropa Birliyi və NATO ABŞ-ın 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları (INF) Sazişindən çıxmasını fəsadlarını götür-qoy etməlidir.

Sözügedən sənədi ABŞ-ın keçmiş prezidenti Ronald Reagan və Sovet İttifaqının sonuncu lideri Mikhail Gorbachev imzalayıb.

“Mənə elə gəlir ki, Avropada heç kəs bu qərarın Avropa üçün ciddi fəsadları verəcəyini anlamır”, – Shoigu deyib.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar sazişdən çıxarsa, Rusiya NATO-nun istənilən üzvünü hədəfə ala bilər.

ABŞ Prezidenti Donald Trump sazişdən çıxmaq niyyətini Rusiyanın 2014-cü ildən bəri onu pozmasıyla izah edir. Rusiya isə bu iddiaları rədd edir.