Sinaqoqa hücumda şübhəli məhkəməyə çıxarılıb

Sinaqoqun qarşısı

Birləşmiş Ştatların Pitsburq şəhərində sinaqoqda 11 nəfəri öldürməkdə şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılıb. Ona ittihamlar elan olunub.

Robert Bowers oktyabrın 29-da məhkəməyə əlil arabasında, xəstəxanadan buraxılandan bir neçə saat sonra gətirilib.

46 yaşlı Bowers zaminə buraxılmayacaq, həbsdə qalacaq.

Növbəti dinləmə noyabrın 1-nə təyin olunub. Prokurorlar onu 29 maddə üzrə ittiham edirlər, nifrət cinayəti törətdiyini deyirlər. İttihamların bəziləri üzrə ölüm cəzası nəzərdə tutulur.

Hadisə yerində polis Bowers-ə bir neçə dəfə atəş açmışdı. Hadisə yerindən AR-15 tüfəngi, üç tapança götürüldüyü bildirilir.

Bu, Birləşmiş Ştatlarda yəhudi icmasına ən ölümcül hücum sayılır. Hücumdan salamat çıxmış iki nəfər hazırda ağır durumdadır.

İttihamnaməyə görə, Bowers polisə deyibmiş ki, “Mən sadəcə yəhudiləri öldürmək istəyirəm”.

Oktyabrın 30-da Prezident Donald Trump və birinci ledi Pensilvaniya ştatına gedəcək, “Amerika xalqının dəstəyini bildirəcək, Pitsburq icmasının kədərini paylaşacaq”.

Tənqidçilərin fikrincə, Trump-ın ritorikası ölkədə sağ-qanad ekstremizminə rəvac verib.