«Kanal l3» internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib.
İ.İslamoğlu bildirib ki, tanımadığı şəxslər onu oğurlayıb, ardınca 3 gün müddətində mənəvi və fiziki işgəncələrə məruz qalıb: «Oktyabrın 26-da işdən çıxıb evə gedərkən naməlum şəxslər qarşımı kəsib zorla maşına otuzdurub naməlum istiqamətə aparıblar. Təzyiqlərə məruz qalmışam və sorğu-sual edildikdən sonra, məni Bakı Şəhər Baş Polis İdarəsinə gətirib, orada da müxtəlif mövzularda suallar veriblər».
O hesab edir ki, onun nümunəsində adam oğurluğu baş verib və bu işdə günahkar şəxslər məsuliyyətə cəlb edilməlidir.
İ.İslamoğlu bildirib ki, onun itkin düşüb, sonra yenidən tapılması haqqında verilən bəyanat həqiqəti əks etdirmir.
«Bütün baş verənlər haqqında sosial şəbəkədə canlı yayınla çıxış etməyimə baxmayaraq, hüquq-mühafizə orqanları mənə qarşı törətdikləri faktları təkzib edir. Hörmətli nazir və hörmətli baş prokuror, məlumat üçün əlavə edim ki, mən başıma gələn hadisələr haqqında şəxsən sizinlə görüşməyə, lazımı orqanlara bu haqda məlumat verməyə hazıram. Məni qəbul edib dinləməyinizi sizdən xahiş edirəm», - o qeyd edib.
Polis İ.İslamoğlunun saxlanmasını təkzib edir
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti «Kanal l3» internet televiziyasının müxbirinin saxlanılması barədə yayılan məlumatları təkzib edib.
«Turan» agentliyinin məlumatına görə, mətbuat xidməti bildirir ki, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində İsmayıl Nadirlini (İsmayıl İslamoğlu) polisin saxlaması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.
«Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci polis bölməsinə müraciət daxil olub. Nişanlısı müraciətində vurğulayıb ki, İ.Nadirli oktyabrın 26-da saat 20:00 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb... İtkin düşmüş kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci polis bölməsinə təhvil verilib», - məlumatda bildirilir.
İ.İslamoğlu özü bildirmişdi ki, onu üç gün polisdə saxlayıblar, fiziki və psixoloji təzyiq göstərərək hakimiyyətə qarşı tənqidlərə son qoymasını tələb ediblər.
İ.İslamoğlu: 'Sellofanı başıma keçiriblər'
«Oktyabrın 26-sı işdən çıxıb evə gedərkən yolda yanımda bir avtomobil dayandı, avtomobildə iki nəfər mülkigeyimli şəxs var idi. Bir nəfər avtomobildən düşərək üstümə cumub, onu söydüyümü iddia edərək təkidlə maşına oturmağımı tələb etdi...».
Bunu dünən oktyabrın 29-u gecə saatlarında «Kanal-13» internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu videomüraciətində bildirib.
İş yoldaşları, hüquq müdafiəçiləri onun oktyabrın 26-dan yerinin müəyyən edilmədiyi deyirdilər. İ.İslamoğlu bu müddətdə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) və 28 saylı Polis Bölməsində saxlandığını söyləyib. O iddia edib ki, saxlandığı müddətdə təhqirlə, hədə ilə üzləşib, fiziki müdaxiləyə məruz qalıb.
«Kanal-13» internet televiziyasının əməkdaşı vurğulayıb ki, hədələndiyindən bu barədə açıqlama vermək istəməyib. Ancaq İ.İslamoğlunun sözlərinə görə, sosial şəbəkələrdə bəzi insanlar onu «şou» göstərməkdə və yalandan gizlənməkdə ittiham etdiyindən açıqlama vermək məcburiyyətində qalıb.
Polisdə yazdığı statuslarla bağlı tənbeh edildiyini söyləyən İ.İslamoğlu onu «şou» düzəltməkdə ittiham edənlərə xitabən, «elə hakimiyyətin də istəyi gəncləri belə gözdən salmaqdır» deyib.
O, daha sonra da əlavə edib: «Kifayət qədər aşağılamalara məruz qalmışam, içində mandarin olan sellofanı boşladıb başıma keçiriblər. Bilərəkdən otağın gün düşən tərəfində otuzduraraq, pəncərənı açıb güzgünü elə qoyublar ki, gün gözümə düşüb, durmağa qoymayıblar. Yaxud saatlarla ayaq üstə saxlayıb oturmağa qoymayıblar. Aşağılayıcı ifadələr işlənib, qida və maye verilməyib, yaxınlarım ilə təhdid edilmişəm».
Onun bu açıqlamasına, hələlik, Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Ancaq, bir qayda olaraq, bu qurumlar saxlanan şəxslərin təhdid və işgəncələrə məruz qalması ilə bağlı şikayətləri yalanlayırlar.
Xatırlatma
Yerli mediada yer alan məlumatlara görə, İ.İslamoğlu bundan öncə də polisə çağırılaraq xəbərdarlıq edilib. Onun bu il iyulun 27-də Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı, 3 saatadək saxlanıldıqdan sonra buraxıldığı bildirilirdi. Onda İ.İslamoğlunun «Jara» musiqi festivalına dair sosial şəbəkədə yazdığı tənqidi status ilə bağlı xəbərdarlıq aldığı vurğulanırdı. Ancaq həmin vaxt da bu məsələyə sözügedən idarə və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı.
«Jara» musiqi festivalı prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun təşəbbüsüylə keçirilir. O vaxt Rusiya estradasının ulduzlarından Zara Mqoyanın həmin festivala qatılmaqdan ötrü Bakıya gəlişi bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanmışdı.