Azərbaycan, Türkiyə, İran birtərəfli sanksiyaları pisləyir

İstanbulda üçtərəfli görüş. 30 oktyabr 2018

Bu gün, oktyabrın 30-da İstanbulda Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin müzakirələr çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə ikitərəfli görüşü olub.

Məlumata görə, tərəflər bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər həmçinin, bölgədə həyata keçirilən nəqliyyat infrastrukturu və tranzit layihələrinin əhəmiyyətini ön plana çəkiblər. Onlar Bakı-Tbilisi-Qars dəmir yolunun açdığı imkanlardan tam istifadə edilməsinin və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanmasının vacibliyini vurğulayıblar.

Üç ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov (Azərbaycan), Məhəmməd Cavad Zərif ( İran) və Mövlud Çavuşoğlunun (Türkiyə) üçtərəfli görüşünün sonunda İstanbul Bəyannaməsi qəbul edilib. Sənədə görə, nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə əməkdaşlığa dair qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı bəyannamələrinə sadiq olduqlarını vurğulayıblar.

Tərəflər razılaşıblar ki, müxtəlif səviyyə və platformalarda ümumi maraqlar kəsb edən regional, qlobal məsələlərə dair sıx məsləhətləşmələri davam etdirsinlər.

Bəyannamədə beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət ifadə olunur, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinin vacibliyi vurğulanır.

Sənəddə sanksiyalar məsələsinə də toxunulur. İranla nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən əhəmiyyətli sənəd kimi dəyərləndirilir.

Nazirlər ölkələr arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstərdiyi əsası ilə birtərəfli sanksiyaları pisləyiblər.

Nazirlərin növbəti üçtərəfli görüşü İranda keçiriləcək.

Xatırlatma

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin bundan əvvəlki görüşü ötən il dekabrın 20-də Bakıda keçirilmişdi.

Dünən, oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü olmuşdu. Sayca VII olan həmin üçtərəfli görüşün yekunu olaraq da əməkdaşlığa dair İstanbul Bəyannaməsi imzalanmışdı.

Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə İran və «altılıq ölkələri» - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında qəbul edilib. Həmin il iyulun 20-də planı BMT Təhlükəsizlik Şurası təsdiq edib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunur. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Bundan sonra ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxaraq İrana sanksiyaları bərpa edib.