Arxangelskdəki partlayışla bağlı terrorçuluqdan şübhələnirlər

Hadisə yeri

Rusiyanın İstintaq Komitəsi FSB-nin ofisindəki partlayışla əlaqədar terrorçuluqdan şübhələnir və araşdırma başladıb.

Komitənin bəyanatında deyilir ki, idarədə partlayışın törədilməsində 17 yaşlı yerli sakin şübhəli bilinir və həmin şəxs hadisə zamanı həlak olub.

“İlkin məlumata görə, 17 yaşlı yerli sakin əldəqayırma partladıcını binaya gətirib və özü də insident zamanı həlak olub”, – bəyanatda deyilir.

FSB-nin 3 zabitinin də yaralandığı bildirilir.

***

Rusiyanın şimal-qərbindəki Arxangelsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) binasında partlayıcı qurğu partladılıb, bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Arxangelsk regionunun qubernatoru İqor Orlov jurnalistlərə deyib ki, qurbanın kimliyinin və qurğunun tipinin müəyyənləşdirilməsindən ötrü təhqiqat aparılır.

Hadisə bu gün – oktyabrın 31-də baş verib.

Orlovun sözlərinə görə, hakimiyyət hücumdan sonra bütün dövlət idarələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli Antitetror Komitəsi daha öncə bildirmişdi ki, partlayışdan sonra binadakı adamlar çıxarılıb.