Bosniya miqrant böhranını önləməyə çalışır

Bosniya-Xorvatiya sərhədi, 28 oktyabr, 2018-ci il

Bosniya ərazisindən keçərək Avropa Birliyinə getməyə ümid edən minlərlə miqrantla bağlı hakimiyyət tədbir görməyə başlayıb. BMT bu günlərdə xəbərdarlıq etmişdi ki, soyuqlar yaxınlaşdıqca, açıq havada qalan miqrantlar üzündən “humanitar böhran” yarana bilər.

Bosniya polisinin oktyabrın 30-da bildirməsinə görə, AB üzvü Xorvatiya ilə sərhəddə qalan onlarla miqrant avtobuslara mindirilərək Bosniyanın şimal-qərbində yeni miqrant mərkəzinə aparılıb.

Yoxsul Bosniya bu il miqrantlar üçün əsas dayanacağa çevrilib. Yaxın Şərqdən, Asiya və Afrikadan müharibə və kasıbçılıqdan qaçan miqrantlar AB-yə üz tutublar.

Bosniya hakimiyyəti bu il 20 min miqrantın bu dağlıq ölkə ərazisindən keçdiyini bildirir.

Çoxlarının yolu Xorvatiyadır və Bosniyanın bu ölkəylə sərhədində düşərgə salırlar.

AB-nin miqrant axınını önləməyə yardım göstərməsinə baxmayaraq, Bosniya qəbul mərkəzləri açmağa tələsməyib.