İrana sanksiyalar ‘dostlar və müttəfiqlər’ üçün yüngülləşdirilə bilər

John Bolton Tbilisidə mətbuat konfransında

Ağ ev İranın neft sektoruna sanksiyaların bu ölkənin iqtisadiyyatını təzyiq altında saxlamasını istəyir, amma neftdən asılı “dostlara və müttəfiqlərə” ziyan vurmasını da istəmir. Bunu Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton deyib.

“Maksimum təzyiqə nail olmaq istəyirik, amma dostlarımıza, müttəfiqlərimizə ziyan vurmaq da istəmirik”, – Bolton oktyabrın 31-də Vaşinqtondakı Hamilton Cəmiyyətində söyləyib.

Ağ ev bütün ölkələrdən tələb edirdi ki, İrandan neft idxalını “sıfır”a endirsinlər. Bu bəyanat isə həmin tələbdə mümkün yumşalmanın əlaməti sayıla bilər.

SÜRPRİZ AÇIQLAMA

Vaşinqton mayda Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu bildirdi. Noyabrın 5-dən İranın neft sənayesinə sanksiyalar qüvvəyə minməlidir. Türkiyə və İran kimi müttəfiqlərinin xahişilə Vaşinqton sanksiyalardan mümkün istisnaları da nəzərdən keçirməkdədir.

Mike Pompeo

İran neftinin ikinci böyük müştərisi olan Hindistan İrandan idxalı dərhal əvəzləyə bilməyəcəyini deyib, istisna istəyib. Türkiyə də ABŞ Maliyyə Departamentinə oxşar xahişlə müraciət edib.

Bu həftə Cənubi Koreya ABŞ Dövlət katibi Mike Pompeo-dan “maksimum çeviklik”, şirkətlərinin sanksiyalara məruz qalmamasından ötrü bir yol xahiş edib.

İraq və Əfqanıstan kimi ölkələr də İrandan neft idxalından asılıdırlar.

Boltonun sözlərinə görə, administrasiya anlayır ki, bir sıra ölkələr “idxalı dərhal sıfıra sala bilməzlər”.

Müşavirin bu açıqlaması sürpriz sayıla bilər, çünki o, İrana mümkün qədər sərt sanksiyaların qoyulmasının açıq tərəfdarı idi.

Amma Bolton onu da deyib ki, bəzi istisnaların tətbiq olunmasına baxmayaraq, İran artıq ABŞ sanksiyalarının ağrısını hiss etməkdədir, özəlliklə də milli valyutası rial bu il kəskin ucuzlaşıb.

TRUMP MEMORANDUM İMZALAYIB

“Məncə, bizim bu səyi (Tehrana təzyiqləri) azaltmamağımız vacibidr”, – o deyib.

Donald Trump Floridada seçki kampaniyası zamanı

Bu çıxışdan bir neçə saat öncə İran Prezidenti Hassan Rohani iranlılara xəbərdarlıq edib ki, ABŞ yeni sanksiyalar qoyduqca onlar növbəti aylarda daha artıq iqtisadi çətinliklərlə üzləşə bilərlər.

ABŞ Prezidenti Donald Trump oktyabrın 31-də imzaladığı memorandumda bildirib ki, o, qlobal bazarda yetərincə neft və neft məhsullarının olduğunu müəyyənləşdirib, yəni İrandan neft alışının azalmasının təsiri yüngül olacaq.

Bu memorandumu ABŞ qanunvericiliyi tələb edir, Vaşinqtonun İrandan neft alışını azalda bilməyən ölkələrə sanksiya qoyması üçün lazımdır.

Sözügedən qanun Barack Obama administrasiya dövründə qəbul olunub. O zaman ABŞ İranın nüvə proqramını məhdudlaşdırması üçün ona təzyiq göstərməyə, böyük müştərilərini alışı azaltmağa məcbur etməyə çalışırdı.

Ancaq 2015-ci ildə nüvə sazişi imzalanandan sonra İrana sanksiyalar qaldırıldı.