Həmsədrlər prezident İ.Əliyevlə görüşüb

Görüş. 1 noyabr 2018

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrlərini - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endryu Şoferi (ABŞ) qəbul edib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 1-də Bakıya gəliblər.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri oktyabrın 29-da başlayıb. Vasitəçilər Ermənistanda görüşlər keçiriblər.

Oktyabrın 31-də isə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Ağdam rayonu istiqamətində monitorinqdə iştirak ediblər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.