Norveç İranın səfirinə etiraz bildirib

Ine Eriksen Soereide

Noyabrın 1-də Norveç İranın Oslodakı səfirini çağırıb, Danimarkada İran əsilli ərəb müxalifətçiyə şübhəli sui-qəsd planıyla bağlı etirazını bildirib. Həmin planda İran əsilli Norveç vətəndaşının da əli olduğu iddia olunur.

Danimarka oktyabrın 30-da bildirib ki, İranın kəşfiyyat xidmətinin onun ərazisində sui-qəsd planlaşdırmasından şübhələnir. Hazırda Kopenhagen Avropa Birliyini Tehrana yeni sanksiyalar qoymağa çağırır.

Oktyabrın 21-də həmin planla əlaqədar İran əsilli Norveç vətəndaşı İsveçdə həbs olunaraq Danimarkaya təhvil verilib.

“Danimarkada yaranmış durumun çox ciddi olduğunu görürük, İran əsilli Norveç vətəndaşı da bu işdə şübhəli bilinir”, – Norveçin xarici işlər naziri Ine Eriksen Soereide deyib.

Nazirin sözlərinə görə, İranın səfiri Mohammad Hassan Habibollah Zadeh ilə görüşdə “Danimarkada təhqiqat nəticəsində üzə çıxmış fəaliyyətin qəbuledilməz olduğu vurğulanıb”.

İddiaya görə, sui-qəsd Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatının Danimarka filialının rəhbərinə qarşı hazırlanıb.

Danimarka polisi bildirib ki, sentyabrın sonunda qonşu Almaniya və İsveçə körpüləri bağlayıb, bərə xidmətlərini dayandırıb. Məqsəd sui-qəsd planını önləmək olub.

Saxlanmış norveçli və İran hökuməti iddiaları təkzib edib.