Parlament boş yerlərə yeni hakimləri təsdiqlədi

Milli Məclis

Milli Məclis bu gün, noyabrın 2-də keçirilən iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təqdimatına baxıb.

«Report» xəbər verir ki, layihəyə əsasən, Sənan Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimi təqdim olunub.

Bundan başqa, Əsgər Novruzov, Mehman Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, Əhliman Xıdırov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri olub.

Daha 10-dan çox şəxs isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təqdim ediliblər.

Daha 2 şəxs Gəncə, 4 şəxs Sumqayıt, 3 şəxs Şirvan, 2 şəxs də Şəki Apellyasiya Məhkəməsinin hakimləri olublar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırlatma

Sözügedən hakimlərin irəli çəkilməsinə dair təklifləri Məhkəmə-Hüquq Şurası verib və dövlət başçısı həmin təklifləri bəyənərək Milli Məclisə təqdim etmişdi.

Ali və apellyasiya instansiyası məhkəmələrində 30-a qədər hakim yerinin vakant olduğu bildirilirdi.