Bloqerə qadağanı kim qoyub, kim götürüb?

Ilya Varlamov

İki gün öncə ölkəyə buraxılmayan və aeraportdan geri qayıtmalı olan rusiyalı bloger İlya Varlamov bazar günü – noyabrın 4-də yenidən Azərbaycana gəlib. Bu barədə bloger öz bloqunda yazıb.

“Məni Bakıdan deportasiya etdikdən sonra İstanbula uçdum, bu deportasiya olunanların zalında gecələməməkdən və Azərbaycanı tərk etməkdən ötrü yeganə əlverişli reys idi”, - Varlamov bloqunda yazır.

O daha sonra Qroznıya bilet aldığını, ancaq Azərbaycandan “naməlum nömrədən” gələn zəngdən sonra planlarının dəyişdiyini qeyd edir:

“Kişi özünü sərhəd xidmətinin əməkdaşı kimi təqdim edir. Dünənki insidentə görə üzr istəyir, bir səhv olduğunu və mənə qarşı heç bir iddia olmadığını deyir.

“Dünən əməkdaşlar səvh qərar qəbul ediblər. Biz sizin bütün xərclərinizi qarşılamağa hazırıq, xahiş edirik qayıdın, biletinizi də alacağıq”.

Sonra daha bir neçə nəfər də zəng edir, deporatsiyaya görə hamısı üzr istəyir, bilet alınır, mən də Qroznıya biletimi qaytarıram. Qısa səfərə görə artıq planlarım dördüncü dəfə dəyişir”, - İ.Varlamov yazır.

Bakıya qayıdan bloger bu dəfə hörmətlə, hətta gül dəstəsi ilə qarşılandığını yazır. O bloqunda sərhədçi xanım və əlindəki gül dəstəsi ilə foto dərc edib.

Noyabrın 2-si axşam vaxtlarında Azərbaycana gələn İ.Varlamovu Bakı aeroportundan ölkəyə buraxmayaraq arzuolunmaz şəxs elan olunmuş, deportasiya edilmişdi.

Bloger isə bildirirdi ki, Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməyib, Azərbaycan qanunlarını pozmayıb.

Bloger ehtimal edirdi ki, ona qadağa “Pis Bakı”, “Azərbaycanlılar qonaqları necə axmaq yerinə qoyurlar”, “ Ölü Bakı”, “Bakı: təhlükəli və əlverişli olmayan şəhər” statuslarına görə qoyula bilər.