«2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənir».
«Report» xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün, noyabrın 5-də Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib.
«Gələn il icbari tibbi sığortaya 224 milyon manat ayrılması nəzərdə tutulub. Buna baxmayaraq, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq», - o qeyd edib.
Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 19 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.
Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, 2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.
2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir.
Ötən ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir.
Maliyyə naziri manata təzyiqlərdən danışdı
«Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır».
«Report»un xəbərinə görə, bunu da maliyyə naziri S.Şərifov noyabrın 5-də parlament komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib.
«Neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır», - o qeyd edib.
Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq.
Xatırlatma
Azərbaycanın 2019-ci il üzrə dövlət büdcəsi layihəsi artıq Milli Məclisə təqdim olunub.
2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.
Layihədə neftin bir bareli 60 dollar götürülüb.