XİN: 163 faydalı qazıntı yatağı talan edilir

XİN

«Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin 261 min hektar meşə sahəsi, o cümlədən qiymətli meşə sahələri, təbiət abidələri və pasportlaşmış 145 Şərq Çinarı məhv edilib».

6 noyabr - Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması beynəlxalq günü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında belə yazılıb.

Açıqlamada həmçinin bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və başqa sərvətlər talan edilir

Sənəddə vurğulanır ki, Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətləri istismar edən Ermənistanın bu siyasəti onun qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirir.

2001-ci ildən etibarən BMT Baş Assambleyası noyabrın 6-nı Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması beynəlxalq günü elan edib.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.