Gəncədə Karen Kazaryanın məhkəməsi başlayıb

K.Kazaryan

Bu gün, noyabrın 6-da Gəncə şəhərində Ermənistan vətəndaşı Karen Kazaryanın işi üzrə məhkəmə prosesi başlayıb.

Proses Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrliyi ilə keçirilir.

Məhkəmədən «Turan» agentliyinə bildiriblər ki, K.Kazaryana Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Onun 2018-ci il iyulun 15-də Qazax rayonunun sərhəddə yerləşən Kəmərli kəndində saxlandığı bildirilir.

İttiham aktında vurğulanır ki, K.Kazaryan silah və partlayıcı maddədən istifadə etməklə terror aktı törətmək niyyətində olub.

Onun ittiham aktına münasibətini öyrənmək mümkün olmayıb.

Məhkəmə prosesi gələn həftə davam etdirilməlidir.

Xatırlatma

Bu il iyulun 15-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın kəşfiyyat-diversiya qrupunun dövlət sərhədini keçməyə cəhd göstərməsi haqda xəbər yayıb.

Xəbərdə qeyd edilirdi ki, həmin qrup dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə çalışıb.

Nazirlik təxribat cəhdinin qarşısının alındığını, qarşı tərəfin itkilər verərək geri çəkildiyini, qrupun bir üzvünün əsir götürüldüyünü bildirmişdi. Məlumatda əsirin 1984-cü il təvəllüdlü K.Kazaryan olduğu vurğulanırdı.

Həmin vaxt AzadlıqRadiosunun erməni xidməti isə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirmişdi ki, Tavuş rayonunun sakini olan 1984-cü il təvəllüdlü K.Kazaryan heç vaxt orduda xidmət etməyib.