Sahibsiz itlərlə bağlı sərəncam verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

İtlərin dostu - Əhməd kişi

Bakı Şəhər İcra Hakimiyyəti sahibsiz küçə itləriylə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakının Xəzər rayonu, Qala qəsəbəsində itlər üçün 30 sot torpaq sahəsi ayrılıb. Mərdəkanda şəxsi bağ sahəsində 300-ə qədər it saxlayan Eldar Mansurov noyabrın 8-də Xəzər Rayon Məhkəməsində bu barədə məlumat verib.

Sərəncam məhkəməyə təqdim olunub.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun iddiası üzrə başlanmış bu məhkəməyə Bakı Şəhər İcra Hakimiyyəti də üçüncü tərəf qismində cəlb olunub. İcra başçısı keçmiş polis zabiti olan E.Mansurovun həyətində saxlanılan itlərin oradan köçürülməsini, özünün də ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyir.

Noyabrın 8-də məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də G.İslamovun iddiasını müdafiə etdiklərini bildirib.

Cavabdeh E.Mansurov isə məhkəmədən vaxt istəyib ki, meriyanın ayırdığı torpaq sahəsinə baxış keçirilsin, orada itlərin saxlanması, gediş-gəliş üçün şərait olub-olmadığı müəyyənləşdirilsin. Bundan sonra fikirlərini bildirəcəklər: «Tək torpaqla iş bitmir, oranın qazı, suyu, işığı, normal yolu olmalıdır».

E.Mansurov onu da deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti itlərlə bağlı sərəncamı daxili işlər naziri Ramil Usubovun müraciətindən sonra verib.

Məhkəmə tərəflərə bir ay vaxt verib ki, həm torpaq sahəsinə baxış keçirilsin, həm də öz aralarında razılığa gəlsinlər.

İcra başçısı iddia ərizəsində bildirir ki, E.Mansurovun həyətində 300-ə qədər it saxlanmasıyla əlaqədar ətrafda yaşayan qonşular müxtəlif dövlət orqanlarına şikayət ediblər. Onlar səs-küydən və pis qoxudan narazıdırlar. İslamovun sözlərinə görə, E.Mansurova bununla əlaqədar xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.