Əfqanıstanda azı 17 nəfər öldürülüb

Əfqanıstan ordusu əməliyyat zamanı, arxiv fotosu

Əfqanıstan rəsmiləri bildirir ki, Taliban hücumları nəticəsində azı 10 əsgər və yeddi polis əməkdaşı öldürülüb.

Taliban yaraqlıları noyabrın 9-da səhər tezdən ölkənin şimalındakı Taxar vilayətinsə hərbi posta hücum ediblər. Bir saatadək çəkən döyüşdə azı 10 əsgər öldürülüb, 12 nəfər yaralanıb. Yaraqlılar geri oturdulub.

Talibançıların da “ağır itki” verdiyi xəbərlənir.

Talibanın sözçüsü Zabihullah Mujahid qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürdüyünü deyib.

Noyabrın 8-də axşam isə Taliban yaraqlıları Farah vilayətinin eyniadlı paytaxtında polis qüvvələrinə hücum edib. Yeddi polis əməkdaşının öldürüldüyü, üçünün yaralandığı bildirilir.

Taliban yaraqlıları demək olar, hər gün Əfqanıstanın təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edir.