ABŞ generalı İ.Əliyevin qəbulunda

S.Layons

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 9-da ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stiven Layonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Onun deməsinə görə, ikitərəfli münasibətlər müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə edir. Prezident vurğulayıb ki, Azərbaycan Əfqanıstanda beynəlxalq sülh və sabitliyə öz töhfəsini verir. O habelə qeyd edib ki, Azərbaycanın orada iştirak edən əsgərlərinin sayı bu yaxınlarda daha da artırılıb ( 90-dan 120-yə çatdırılıb-r).

Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycanda nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya qoyulub.

Xəbərə görə, ABŞ Nəqliyyat Komandanlığının komandanı general S.Layons, ilk növbədə, prezidentə Azərbaycanda noyabrın 9-da qeyd edilən Bayraq günü münasibətilə öz təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr çox böyük önəm daşıyır.

S.Layons habelə, Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında nəqliyyat sahəsinə böyük dəstək verdiyini və bunun yüksək qiymətləndirildiyini söyləyib.