Frans Kafka öləndə maraqlı bir təlimat qoyub: «Özümdən sonra qoyub getdiyim, özümə və başqalarına aid bütün bloknotlar, əlyazıları, məktublar, eskizlər və s. son vərəqinə qədər oxunmadan yandırılmalıdır».
Kafka 1924-cü ildə vərəm xəstəliyindən öldüyü zaman 40 yaşında idi. O zaman o, hələ tanınmış yazıçı deyildi. Onun müxtəlif çex ədəbi dərgilərində yalnız iki qısa hekayə toplusu, bir novellası və bir neçə pərakəndə yazısı çap olunmuşdu. Hazırda «Kafkanın əsərləri» kimi tanıdığımız nə varsa, o cümlədən hər üç roman və qısa hekayələrin əksəriyyəti çoxdan məhv olmuş olmalı idi.
Bu amansız vəsiyyəti yerinə yetirməli olan şəxs Kafkanın ən yaxın ədəbi dostu Maks Brod idi. Onların hər ikisi «Praqa çevrəsi» kimi tanınan, əsasən yəhudi, almandilli çex yazıçı icmasının üzvləri idi. Onlar hələ 1902-ci ildə Praqadakı Karl Universitetində tələbə ikən tanış olmuş və dərhal dostlaşmışdılar. İki dost hətta tamamlanmamış bir romanın üzərində birgə işləmiş, bir-birinin yazı tərzinə xeyli təsir göstərmişdi. «Biz bir-birimizi tamamlayırdıq. Bir birimizə verməyə o qədər şeyimiz vardı ki», – deyə Brod sonradan xatırlayırdı.
Kafkanın əlavəsi
Depressiv Kafka kitablarını nəşr etdirməkdən imtina edirdi. Dostunun istedadına vurğun Brod isə buna son qoymağı öz missiyasına çevirmişdi. «Mən inandırma və hiylə yolu ilə Kafkadan nəşr etdirdiyi bütün əsərlərini aldım. …Mənim üçün vacib olan …dostun öz iradəsinə rəğmən, ona kömək etmək idi», – Brod sonradan xatırlayır. Kafka nəhayət, 1912-ci ildə «Meditasiya» adlı kitabını nəşr etdirəndə Brod ona belə bir rəy yazmışdı: «Mən hər hansı şəxsin bu kitaba bağlanmasını və o andan da yeni bir insana çevrildiyini anlamasını asanlıqla təsəvvür edə bilirəm».
Ancaq Kafka əsərlərinin «edam»ını məhz Broda həvalə etmişdi. Bəlkə də o, əslində əsərlərinin məhvini istəmirdi, eyni zamanda, onları çap etdirməyə də tərəddüd edirdi. Bəlkə də o, tam olaraq nə istədiyini bilmirdi…
Əlbəttə, Brod Kafkanın əsərlərini yandırmadı. Onları çap etdirdi. Çox zaman Kafkanın yarımçıq qoyub getdiyi əlyazmaları ilə çalışmalı oldu. Brod həm də Kafkanın ilk bioqrafiyasının, onun yaradıcılığına həsr olunmuş üç fərqli araşdırmanın, onların dostluğu haqda memuarların, nəhayət, «Qəsr» əsərinin 1954-cü ildə yazılmış teatr adaptasiyasının müəllifidir. Orta yaşlarına çatmış Brod vaxtaşırı öz kitablarını da çap etdirirdi. Buna baxmayaraq, onu artıq bir növ Kafkanın əlavəsi kimi görürdülər. «Dünyanın gözündə Brod Kafka mifinin quru fiquruna çevrilmişdi; o, öz mövcudluğunu itirmişdi», – 1947-ci ildə İrvinq Hau yazırdı.
Brod 1968-ci ildə Təl-Əvivdə dünyasını dəyişib. 30 il idi ki, orada yaşayırdı. 1939-cu ildə nasist Almaniyasının Çexoslovakiyanı ilhaq etməsindən sonra o, ABŞ-da dərs demək istəsə də, bunu reallaşdıra bilməmiş, Təl- Əvivə köçmüşdü. Burada o, başqa bir almandilli çex qaçqın Ester Hoffe ilə dostlaşmışdı. Hoffe təkcə Brodun katibi deyildi. Onların dostluq və əməkdaşlığı daha dərin idi. Brod Hoffeni «mənim yaradıcı partnyorum, ən kəskin tənqidçim, yardım dostum və müttəfiqim» adlandırırdı. Hoffe məvacib almırdı. Gördüyü işin əvəzində Brod ona Kafkanın bütün əlyazmalarını vermiş, üstəlik, onu öz mülkiyyətinin ədəbi icraçısı təyin etmişdi.
İsrail dövlətinin iddiası
Hüquqi cəhətdən Brodun özünə məxsus olmayan işləri başqasına ötürə bilməsi mübahisəlidir. Kafkanın sağ ikən ona verdiyi əlyazmaların və məktubların Broda məxsus olduğu aydındır. Ancaq Kafkanın ölümündən sonra Brodun onun masasından götürdüyü işlərin kimə məxsus olması tam aydın deyil. Ona bu sənədlərə qanuni sahiblənmək hüququ yalnız onları məhv etmək üçün verilmişdi. Uzun sözün qısası, Brodun ölümündən sonra Hoffe həm bu əlyazmalara, həm də Brodun öz yazılarına sahiblənərək onları Təl-Əviv banklarının birində saxlama kameralarına yerləşdirib. Bir hissəsini də öz mənzilində saxlayıb.
Məsələnin bundan sonrakı hissəsi əsl kafkasayağı çalar almağa başlayır. Rəsmi intriqa buludu şəxsi məsələləri bürüməyə başlayır. 1973-cü ildə İsrail dövləti Hoffenin Kafkanın Broda yazdığı məktublardan bir neçəsini satmağa çalışmasını önləməyə cəhd edir. Dövlətin iddiasına görə, Kafkanın yazıları yəhudi mədəni irsinin bir hissəsidir və 1955-ci ildə qüvvəyə minmiş İsrail Arxiv Qanunu tərəfindən mühafizə olunur. İsrailin ailə məhkəməsi işi Hoffenin xeyrinə həll edir və ona öz mülkiyyəti ilə istədiyi kimi rəftar etmək hüququ verir.
2007-ci ildə Hoffe 101 yaşında öləndə Kafkanın əlyazmalarını da, Brodun mülkiyyəti üzərində nəzarəti də qızları Eva və Ruta vəsiyyət edir. Bu məqamda İsrail dövləti yenidən fəaliyyətə keçərək bir daha Kafka sənədlərinin mədəni irs və dövlət əmlakı olduğunu iddia edir. Çəkişmə illərlə davam edir. Nəhayət, 2016-cı ildə İsrail Ali Məhkəməsi Brod və Kafka materiallarının mədəni irs olması haqda qərar qəbul edir. Qərara görə, bu sənədlər İsrailin Milli Kitabxanasına ötürülməlidir.
Vəsiyyətə əməl olunmayıb
Məhkəmənin bu qərarının arxasında təkcə ədəbi yox, həm də hüquqi düşüncə dayanır. Məsələ burasındadır ki, Brod öz vəsiyyətində öz kağızlarının İsraildə və ya xaricdə ictimai arxivə yerləşdirilməsini istəyib. Ancaq nə Hoffe, nə də qızları bu xahişi yerinə yetirib. Onlar materialları özlərində saxlamağa üstünlük veriblər. Dövlətin iddiasına görə, Hoffe ailəsi Brodun vəsiyyətinə əməl etməyib. Brod və Kafkanın işlərini ictimaiyyətə təqdim etməkdənsə, gizlədərək öz maddi mənfəətləri üçün istismar ediblər.
Problem təkcə Hoffelərin Kafka materiallarını satması deyildi. Məsələ həm də alıcıların kimliyində idi. 1988-ci ildə E.Hoffe «Məhkəmə» romanının əlyazmasını hərraca qoyanda onu Marbaxdakı alman ədəbiyyat arxivi vasitəçinin köməyi ilə 1 milyon funta satın alıb. Bu, müasir əlyazma üçün ödənilən ən yüksək məbləğdir. Arxivin Kafkanın digər materiallarını, bəlkə hətta bütün kolleksiyanı da almağı planlaşdırdığı deyilir. Bu səbəbdən arxivin adı İsrailin Hoffelərə qarşı qaldırdığı iddiada maraqlı tərəf kimi keçir.
Alman tərəfi bu materialların Almaniyada daha təhlükəsiz şəraitdə qorunub saxlanacağını iddia edib. Bunun ardınca İsrail ziyalıları mətbuatda arxivə hücum ediblər: «Bilirsiniz nə var, almanlar Kafkanın yadigarlarını təhlükəsiz şəraitdə qoruyub saxlamayıblar. Nasistlər onun hər üç bacısını öldürüblər».
«Kafkanın son məhkəməsi» kitabının müəllifi Bencamin Balint alman tərəfinin iddiasını müdafiə edir: «Kafka heç zaman İsrail kanonunun, yaxud milli dirçəliş layihəsinin bir hissəsi olmayıb. İsraildə heç vaxt Almaniya, Fransa, ABŞ və digər yerlərdəki kimi Kafka kultu olmayıb».