Azərbaycan oktyabrda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Energetika Nazirliyinin məlumatında belə qeyd edilir.
Məlumatda vurğulanır ki, Azərbaycanda oktyabr ayı ərzində gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib.
Ölkə üzrə gündəlik neft hasilatı yanvarda 814,6, fevralda 806, martda 794, apreldə 785,7, mayda 801, iyunda 792, iyulda 773, avqustda 774, sentyabr ayında isə 796 min barrel olub.
Xatırlatma
OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş əvvəlcə 6 aylığa imzalanıb. 2017-ci il mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.
Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub.
Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb.
Bu il, iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvəyə minib.
Hazırda Azərbaycan nefti 70 dollar civarinda dəyişir.