Neft hasilatı azaldıla bilır

Neft, arxiv fotosu

OPEC və Rusiya daxil digər böyük neft hasilatçıları gələn il dünya bazarlarında gözlənən neft artığı üzündən təchizatı azalda biləcəklərini deyiblər.

Dünən – noyabrın 11-də Əbu Dəbidə görüşən hasilatçılar bildiriblər ki, “mövcud neft təchizatı və tələbinin əsaslarını nəzərdən keçirirlər və 2019-cu il üçün proqnozlar qlobal təchizatın tələbdən artıq olacağını ortaya qoyur”.

Bu səbəbdən gələn ilin hasilatına dəyişikliklər nəzərdən keçirilə bilər.

Birləşmiş Ştatlar şist nefti daxil olmaqla hasilatı artırdığından dünya bazarlarında təchizat artıb, tələb isə azalmağa başlayıb.

Noyabrın 9-da neftin barreli 70 dollaradək düşüb. Apreldə qiymətlər 85 dollara qalxmışdı.

Ekspertlərin fikrincə, Birləşmiş Ştatların İrana sanksiyalarının azından indilik gözlənilən təsiri göstərə bilməyib. Üstəlik, Çində iqtisadi artımın yavaşıması da tələbi azaldıb.

Dekabrın 6-da Vyanada OPEC və 10 qeyri-OPEC üzvünün nazirlər səviyyəsində toplantısı keçiriləcək.