Norveç səfirliyini bağlayır, rəsmilər bu dəfə təəssüflənmir

Norveç

«Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur».

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend-ə müsahibəsində deyib. Norveçin Azərbaycanda səfirliyini bağlayacağı ilə bağlı məlumatı dəyərləndirən H.Hacıyev vurğulayıb ki, bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük: «Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması, ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur».

H.Hacıyev deyib ki, Norveçin Azərbaycanda səfirliyi 1998-ci ilin iyununda təsis edilib: «Əsas məqsəd o zaman «Statoil» adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda Norveçdə də akkreditasiya olunub».

Xatırlatma

Norveç hökuməti Azərbaycandakı səfirliyini bağlayacaq.

Bu barədə Norveçin Xarici İşlər Nazirliyinin ( XİN) məlumatında bildirilir. Norveç XİN başçısı İne Söreydenin açıqlamasına görə, Azərbaycanla ölkəsi arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərməlidir.

Norveç, eyni zamanda, Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı açıqlayan İ.Söreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Məlumatda yazılıb ki, bu dəyişikliklər 2019-cu ildə reallaşacaq.