'Cinçıxartma'ya görə 6 nəfər saxlanıb

Şabran

Şabran rayonunda yerli medianın diqqətini çəkən ölüm hadisəsi baş verib. Bakı şəhər sakini Murad Soltanovun meyiti Şabran rayonunda kirayədə yaşadığı evdə aşkar edilib.

Bu məlumatı Şabran Rayon Prokurorluğunun növbətçi hissəsindən də təsdiq ediblər. Meyitin üzərində xəsarət yerləri aşkarlandığı iddia edilir.

Verilən məlumata görə, hadisə şənbə günü, noyabrın 10-da baş verib.

Prokurorluqdan bildirilib ki, rayon sakini olan bir neçə şəxs «cinçıxartma müalicə üsulu» adı ilə M.Sultanovun bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.

M.Sultanovun öldüyü, bu hadisəyə görə Şabran Rayon Prokurorluğunda cinayət işi açıldığı və 6 nəfərin saxlandığı deyilir.

Hələlik, məsələyə mərhumun qohumlarından və saxlanan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.