Səudiyyə neft hasilatını azaldır

ABŞ, Rusiya və Səudiyyənin neft hasilatı

Səudiyyə Ərəbistanı neft hasilatını böyük həcmdə azaltdığını bildirir. Ər-Riyad məqsədinin, Birləşmiş Ştatlar İrandan neft alan bəzi ölkələrə idxalı davam etdirməyə icazə verib deyə, qlobal bazarları balanslaşdırmaq, neftin ucuzlaşmasını önləmək olduğunu deyir.

Səudiyyənin neft naziri Khalid al-Falih-in noyabrın 12-də verdiyi açıqlama qlobal bazarları silkələyib. Son günlər bazarlarda neft ucuzlaşmaqda idi. ABŞ ötən həftə elan etdi ki, Tehranın əsas müştəriləri olan Çinlə Hindistan daxil olmaqla bəzi ölkələr üçün sanksiyalardan istisnalar tətbiq edəcək.

“KƏFKİR ƏKS TƏRƏFƏ GEDİR”

Falihin deməsinə görə, bu gözlənilməz yumşaq açıqlamadan sonra “bazarı qorxu və narahatlıq bürüyüb”. “İndi kəfkirin əks tərəfə fırlandığını görürük”, – nazir Əbu Dəbidə keçirilən Beynəlxalq Neft Sərgi və Konfransında deyib.

Suhail Mohammed Faraj al-Mazroui (solda), Khalid al-Falih (ortada) və OPEC-in baş katibi Mohammed Barkindo

“Sanksiyalar gözlənildiyi kimi, bazardan böyük həcmdə neft çıxara bilmədi”, – Falih vurğulayıb.

Noyabrın 5-də İranın neft sektorunu hədəfləyən sanksiyalar qüvvəyə minməzdən öncə Səudiyyə Ərəbistanı bildirib ki, hasilatını günə 1 milyon barrelədək artırıb. Çünki İranın apreldə 2,5 milyon barrelə çatmış neft ixracının yarıbayarı azaldığı xəbər verilirdi.

Amma Hindistan və Çin Vaşinqtonun verdiyi 6 aylıq icazə çərçivəsində İrandan neft ixracını davam etdirirlər. Təhlilçilər İranın ixracının günə 1,8 milyon barrelədək yükcələcəyindən danışırlar.

Bir müddət öncə 80 dollaradək bahalanmış neft ötən həftədən ucuzlaşmağa başlayıb, noyabrın 12-də barreli 71 dollara düşüb.

ABŞ Prezidenti Donald Trump sanksiyalardan istisnaları açıqlayanda deyirdi ki, neftin bahalanacağından narahatdır. Mayda o, İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa oldunduğunu elan edəndə də eyni şey baş vermişdi.

Trump Yunanıstana, İtaliyaya, Cənubi Koreyaya, Tayvana və Türkiyəyə, eləcə də Hindistanla Çinə İrandan neft almağa davam etmək icazəsi verib.

Donald Trump

TRUMP QƏRARI TƏNQİD EDİR

Prezidentin neftin qiymətləri ilə bağlı açıqlaması əslində, gözlənən ABŞ sanksiyalarının neftin bahalanmasına təkan verməsinin gizli etirafı idi. Di gəl, Trump qiymət artımına görə OPEC-i suçladı.

Noyabrın 12-də Trump Səudiyyə Ərəbistanının hasilatın azaldılacağına dair açıqlamasını pisləyib.

“Ümid edək, Səudiyyə Ərəbistanı və OPEC hasilatı azaltmayacaqlar. Neftin qiymətləri təchizata dayanaraq daha da aşağı olmalıdır”, – Trump Twitter-də yazıb.

Falih isə cavabında deyib ki, Səudiyyə Vaşinqtona və digər müştərilərinə “100 faiz istədiklərini verir”. O əlavə edib ki, ər-Riyad gələn aydan hasilatı günə 500 min barreldən artıq azaldacaq.

Səudiyyə Ərəbistanı OPEC-in ən böyük neft hasilatçısıdır və İranın neft ixracı azalacağı halda yaranan boşluğu doldura bilərdi.

Hazırda OPEC-in prezidenti olan Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Suhail al-Mazrouei deyib ki, neft karteli dekabrda Vyanada görüşəndə “dəyişikliklər” vacib olacaq.

İran Əbu Dəbidəki tədbirdə təmsil olunmayıb deyə Falih-in dediklərinə hələlik, şərh gəlməyib.