Pakistan hökuməti Twitter və digər sosial media şəbəkələrindən xahiş edib ki, küfrə görə bəraət almış xristian qadının “saxta” təsvirlərini yığışdırsınlar.
Hökumət noyabrın 12-də bu təsvirlərin saxta olduğunu bildirib, çünki Asia Bibi Pakistanda gizli bir yerdə qalır. Onu radikal dini qruplar ölümlə hədələmişdi.
Bəzi insan haqları fəalları isə hökumətin həm də sosial ədalət axtarışında olan fəalları hədəfə aldığını bildirir.
Pakistanın informasiya naziri Fawad Chaudhry deyib ki, “saxta” postlardan biri Bibinin Papa Francis ilə görüşdüyünü göstərir. Bu foto əslində Bibinin qızına aiddir, iki il öncə çəkilib.
Bu arada Niderland Pakistandakı səfirliyinin əməkdaşlarını geri çağırıb. Bu ölkə Bibinin vəkilinə sığınacaq verəndən sonra səfirlik əməkdaşları ölümlə hədələnib.
Pakistan Ali Məhkəməsi oktyabrın 21-də Asia Bibiyə qarşı ölüm cəzasını ləğv edib, ona bəraət verib. Bundan sonra sərt xətt tərəfdarı olan islamçılar küçələri bağlayıb, kütləvi etirazlar təşkil edib. Hökumət qadının ölkədən çıxışını yasaqlayıb, işə yenidən baxmağa boyun olub.