Həbsxana qiyamında azı 50 məhbus ölüb

Qiyamın baş verdiyi həbsxana

Ötən həftə Tacikistandakı həbsxana qiyamında azı 50 məhbus ölüb. Bunu AzadlıqRadiosu-na (RFE/RL) mənbələr bildirib. Yəni, artıq qiyamdakı ölü sayı iki dəfə artıb. Hökumətsə qiyam barədə ictimaiyyətə bilgi verməyib.

Adı çəkilməyən bir məmur isə radioya noyabrın 7-də baş vermiş qiyamda öldürüldüyü bildirilən azı 50 məhbusun siyahısını göstərib. Ancaq müxbirə siyahının şəklini çəkməyə icazə verilməyib.

Daha öncə hökumətə və hüquq-mühafizə orqanlarına yaxın mənbələr radioya azı 24 məhbusun öldüyünü demişdi.

Öldürülmüş bəzi məhbusların yaxınları deyirlər ki, mərhumlar polis və təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə, bağlı tabutlarda, ənənəvi islam qaydalarına əməl olunmadan dəfn edilir.

Hadisəyə görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb, bildirib ki, “əsgərləri”ndən biri həbsxana nəzarətçisinə hücum edib və beləliklə qiyam başlanıb.