Hökumət layihələri üçün mülkiyyətin müsadirəsinə icazə verilə bilər

Arxiv fotosu

Rusiya parlamentinin aşağı palatası hökumətin yeni infrastruktur və bina tikintisi üçün özəl torpaqları ələ keçirməsinə icazə verən qanun layihəsini təsdiqləyib. Bu zaman müsadirə sakinlərlə ilkin danışıqlar aparılmadan da gerçəkləşə bilər.

Noyabrın 14-də Dövlət Duması layihəni birinci oxunuşda təsdiqləyib. Layihə hələ iki oxunuşda səsə qoyulacaq, daha sonra baxılmaq üçün yuxarı palataya – Federasiya Şurasına göndəriləcək.

Federasiya Şurasının təsdiqindən sonra isə layihə imzalanmaqdan ötrü Prezident Vladimir Putinə göndəriləcək.

Layihədə mülkiyyət sahiblərinin hakimiyyətin qərarlarını mübahisələndirməsinə icazə verilir, amma onlar yalnız mülkiyyətə görə təklif olunan maliyyə kompensasiyasının həcmindən şikayətlənə bilərlər.

Bir çox rusiyalı indiyədək yerli hakimiyyətin tikinti layihələri çərçivəsində mülkiyyəti zəbt etməsindən, köhnə binaları dağıtmasından şikayətlənir. Onlar deyirlər ki, belə qərarlar verilərkən onların maraqları nəzərə alınmır.

Sakinlər həmçinin hakimiyyətin təklif etdiyi kompensasiyanın məbləğinin azlığından gileylənirlər.