G.Bayramlı: 'Cəzamın iki ay azaldılması rəzalətdir'

G.Bayramlı

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı Ali Məhkəmənin iki gün öncə onunla bağlı verdiyi qərarı «rüsvayçılıq» adlandırıb. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

4 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan G.Bayramlı həbs müddətinin iki ay azaldılması barədə qərara yaydığı açıqlamayla münasibət bildirib. Siyasətçi xanım deyir ki, ölkə məhkəmələrinin durumunu yaxşı bilir, ona görə də bundan artıq gözləntisi yox idi: «Hakimiyyətin əsirinə çevrilmiş məhkəmələrdən onsuz da bundan artığını gözləmirdim. Amma bununla daha bir rüsvayçılığa imza atdılar. Mənim həbsimin sifarişli olduğu, sifarişin də birbaşa hakimiyyətin başından gəldiyi kimsəyə sirr deyil. Ölkənin Ali Məhkəməsinə bir qondarma işin həbs müddətindən 2 ay azaldılması sifarişi vermək rəzalətdən başqa bir şey deyil».

CM-nin 206.1 (qaçaqmalçılıq) maddəsiylə həbsdə yeganə şəxs olduğunu vurğulayan G.Bayramlı bildirir ki, özü və silahdaşları ölkədə qanunun hər kəsdən və hər şeydən üstün olması uğrunda mübarizə aparır.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.

Noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaldıb. Qərara əsasən, G.Bayramlıya qarşı CM-nin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

G.Bayramlı ittihamı qəbul etmir. Məhkəməsində də deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.