Həbsdə olan D-18 üzvü: 'Heç bilmədim, nə baş verdi'

Polis

«Mən 16 ildir ki, həmin yoldan istifadə edirəm. Bu günə qədər belə hadisə olmayıb. Metrodan çıxıb evə getdiyim yerdə polislər qarşımı kəsdilər, yaxamdan vurub itələdilər. Məni yol polisinin maşınına əyləşdirib Post-Patrul Xidməti əməkdaşlarının gəlməsini gözlədilər», – D18 Hərəkatının İdarə Heyətinin həbsdə olan üzvü Sevindik Albəyov noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində başına gələnləri danışıb.

Dostları arasında və sosial şəbəkələrdə «Zaur Rövşənli» kimi tanınan 24 yaşlı S.Albəyov noyabrın 7-də axşam saat 19.00 radələrində saxlanıb. O, metronun «Koroğlu» stansiyasının qarşısında yol polisinin qanuni tələbinə tabe olmamaqda, tağım komandirini təhqir etməkdə suçlanaraq, 10 sutka inzibati həbs cəzası alıb. İddia olunur ki, S.Albəyov metronun qarşısında yolun hərəkət hissəsinə çıxıb, onu nizam-intizama dəvət edən yol polislərinə məhəl qoymayıb, əksinə, onları təhqir edib.

S.Albəyov isə məhkəmədə bildirib ki, inzibati xəta protokolunda yazılanlar yalandır: «Heç bilmədim ki, nə baş verdi, niyə baş verdi. Çox kobud davrandılar. Post-patrul gələnə qədər məni yol polisinin maşınında sıxıb saxlamışdılar. Məni arxa oturacaqda əyləşdirib, ön oturacağı sıxıb arxaya kilidləmişdilər. Məni zorla maşına mindirən kimi döyməsələr də, yumruq göstərib hədələdilər ki, səsini çıxarsan, başına nələr gələcəyini bilirsən».

Vəkil Cavad Cavadov məhkəmədə yol polisi avtomobillərində video və audio yazı qurğularının olduğunu bildirərək, həmin görüntü və səs yazılarının alınıb araşdırılması, metronun qarşısındakı təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə vəsatətlər qaldırıb. Müdafiəçi deyir ki, Nizami Rayon Məhkəməsi yalnız polislərin ifadələrinə əsaslanıb adamı cəzalandırıb, bu da doğru deyil.

Vəkilin vəsatətləri təmin olunmayıb.

C.Cavadov müvəkkilinə 10 günük inzibati həbs cəzası verilməsi barədə Nizami Rayon Məhkəməsinin qərarının ləğv olunmasını istəyib.

Lakin Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

S.Albəyov qərardan Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

D-18 Hərəkatı 2013-cü ildə yaradılıb.