Kiyevi ‘Dövlətin düşməni’ siyahısını ləğv etməyə çağırırlar

Gerhard Schroeder (sağda) və Vladimir Putin, arxiv fotosu

Almaniya Ukraynanı “dövlətin düşmənləri” adlı siyahı hazırlayan ziddiyyətli vebsaytı bağlamağa çağırıb. Bu çağırış siyahıda Almaniyanın keçmiş kansleri Gerhard Schroeder-in də adı peyda olandan sonra edilib.

Almaniyanın Xarici İşlər Nazirliyi Ukraynanın Mirotvorez (Sülhyaradan) adlı vebsaytındakı “siyahını kəskin pisləyib”. Bu saytı Ukraynanın daxili işlər naziri Arsen Avakov-un tanışı idarə edir.

“Ukraynanı əvvəllər də mövqeyimiz barədə bilgiləndirmiş, hökumətin bu vebsaytı bağlamasını istəmişik. İndi yenə belə edəcəyik”, – nazirliyin sözçüsü deyib.

Schroeder siyahıda “anti-Ukrayna” adlandırılıb. O, Almaniyanın “Aachener Nachrichten” qəzetinə müsahibəsində Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaqını müdafiə edib.

Rusiya Prezidenti Vladimir Putin-lə dost olan Schroeder deyib ki, Krımı 1954-cü ildə Sovet lideri Nikita Khrushchev Ukraynaya bağışlayıb. Onda həm Rusiya, həm də Ukrayna Sovet İttifaqının üzvü idi.

“Khruschev elə bilirdi ki, sovet kommunizmi katolik kilsəsi kimi daim yaşayacaq. Yaxşı ki yaşamadı”, – Schroeder qəzetə deyib.