Tacikistanda 22 yaşlı bir ingilis dili müəllimi, onun dörd tələbəsi və daha beş nəfər terrorçuluq ittihamları ilə uzunmüddətli həbsə məhkum edilib.
Noyabrın 16-da Düşənbə Şəhər Məhkəməsi Jahongir Qosimov-a 19 illik həbs cəzası kəsib. Qapalı keçirilən məhkəmədə o, gənc tacikləri İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına cəlb etməkdə təqsirli bilinib.
Qosimovun dörd tələbəsi daxil daha doqquz nəfərsə dini ekstremizm yaymaqda, İŞİD-ə qoşulmağı planlaşdırmaqda təqsirli bilinib.
Həmin şəxslərə altı aydan 19 ilədək həbs kəsilib.
Qosimov tələbələri arasında İŞİD ideyalarını təbliğ etdiyini boynuna alıb.
Dörd nəfər bu ilin əvvəlində Tacikistan-Əfqanıstan sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıblar. Onlar Əfqanıstanda İŞİD-ə qoşulmağı planlaşdırdıqlarını etiraf ediblər, qohumları belə deyir.
Qalan beş nəfər isə Qosimovun dörd tələbəsi tutulandan sonra saxlanılıblar. Onların məhkəmə zamanı təqsirlərini etiraf edib-etmədikləri bəlli deyil.