'...Buna yer ola bilməz' - AŞ rəsmisi

K.Puarel

«Azərbaycanda vəkillərin fəaliyyətinə məhdudiyyətlər ciddi narahatlıq doğurur və Avropa Şurası ölkəsində bunların yeri ola bilməz».

«Turan» agentliyinin xəbərinə görə, Avropa Şurası (AŞ) İnsan Hüquqları Direktorluğunun rəhbəri Kristof Puarel belə deyib. O, noyabrın 15-i və 16-da Bakıda «Hüquqşünasların rolu və müstəqilliyi: müqayisəli perspektivlər» mövzusunda keçirilən konfransda çıxış edib. Tədbiri Avropa Şurası təşkil edib.

Xəbərdə bildirildiyinə görə, K.Puarel deyib ki, müstəqil hüquqşünaslar ədalət mühakiməsi sistemi və geniş ictimaiyyət arasında vasitəçi kimi əsas rol oynayırlar.

«Onlar ədalət mühakiməsinin insanlara işləməsi üçün məsuliyyət daşıyırlar. Onlar yalnız o halda işləyə bilər ki, xüsusi statusa və müdafiəyə, zəruri kvalifikasiyaya malik olsunlar. Bununla bağlı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda çox iş görülməlidir. Vəkillərin fəaliyyətinə məhdudiyyətlər ciddi narahatlıq doğurur və Avropa Şurası ölkəsində bunların yeri ola bilməz», - Puarel vurğulayıb.

O həmçinin qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası hüquqşünasların xüsusi rolunu tanıyır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkil olmaq istəyənlərin idealları-Sorğu

«2000-ci ildə Nazirlər Komitəsi vəkil peşəsinin azadlıq standartlarını müəyyən edib ki, üzv dövlətlər bunlara əməl etməlidir. Avropa Şurasının işi standartların müəyyən olunması ilə məhdudlaşmamalıdır. Biz hər gün üzv ölkələrdə bizim standartların tətbiqi üzərində işləyirik və Azərbaycan istisna deyil… Biz bu məsələlər üzrə açıq dialoq aparırıq», - o vurğulayıb.

Azərbaycanda vəkillərin sayı Avropada olduğundan 15 dəfə azdır

AŞ rəsmisi Azərbaycanda vəkillik sahəsində problemləri sadalayıb.

«Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır: 100 min əhaliyə 10 nəfər düşür. Bu, Avropa üzrə orta göstəricidən (100 min nəfərə 147) 15 dəfə azdır», - o bildirib.

K.Puarel deyib ki, Azərbaycanda vəkillik sahəsində çox iş görülməlidir.

«Milli qanunvericilik və praktika Avropa standartlarına uyğunlaşdırılmalıdır», -K.Puarel vurğulayıb.

Xatırlatma

Uzun illər idi ki, Azərbaycanda Vəkillər Kollegiyasına seçkilər dayanmışdı. Bu ildən bu proses başlayıb. Hazırda ölkədə 1100 civarında vəkil olduğu bildirilir.

Azərbaycan rəsmiləri isə hesab edirlər ki, ölkədə vəkillərin sərbəst və müstəqil fəaliyyət göstərməsindən ötrü lazımı şərait yaradılıb.