Skopyedə ölkənin adının dəyişdirilməsinə etirazlar keçirilib

Parlamentin qarşısında etiraz

Makedoniyanın paytaxtı Skopyedə mindən çox adam qonşu Yunanıstanla ölkənin adının dəyişdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaya etirazlar keçirilib.

Etirazçılar noyabrın 18-də parlament binasının qarşısına toplaşıblar, növbədənkənar seçki keçirilməsini tələb ediblər.

Oktyabrın 19-da deputatlar ölkənin adının dəyişdirilməsindən ötrü gərəkən konstitusiya prosesinə başlamağa 80-39 səs çoxluğuyla səs veriblər.

Baş nazir Zoran Zaev hökuməti ölkənin Şimali Makedoniya adlandırılması nəzərdə tutan konstitusiya dəyişikliyinə dəstək alıb. Amma müxalifətçi millətçilər buna kəskin etiraz edirlər.

Makedoniyanın adının dəyişdirilməsi qonşu Yunanıstanla uzun müddətdir davam edən mübahisəyə son qoyur. Afina məhz ada görə Skopyenin NATO və Avropa Birliyinə üzv olmasını əngəlləyir.