Əfqanıstanda tiryək istehsalı kəskin azalıb

Əfqan uşaqlar xaş-xaş sahəsi kənarında

Ötən il Əfqanıstanda tiryək istehsalı 29 faiz azalıb və bu da əsasən quraqlıqla bağlıdır. Bu haqda BMT-nin narkotiklərlə mübarizə agentliyi hesabat yayıb.

Noyabrın 19-da BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi illik hesabatında bildirib ki, tiryək istehsalının 9 min tondan 6 min 400 tona düşməsi həm də bu məhsulun becərildiyi torpaq sahələrinin azalmasıyla bağlıdır.

Hazırda xaş-xaş 263 min hektar ərazidə becərilir. Bu, ötən ildəkindən 20 faiz azalma deməkdir.

Əfqanıstan Tiryək Sorğusu adlı hesabatı BMT agentliyi Əfqanıstanın Narkotiklərlə mübarizə Nazirliyi ilə birgə hazırlayıb.

“Azalmaya baxmayaraq, xaş-xaş becərilən ümumi ərazi dünyada ikinci yeri tutur. Bu, regionda təhlükəsizliyə əngəl olaraq qalır”, – BMT agentliyinin icraçı direktoru Yury Fedotov deyib.

Hesabata görə, quru tiryəkin kilosunun qiyməti 94 dollara düşüb ki, bu da 2004-cü ildən bəri ən aşağı səviyyədir və xaş-xaş becərilməsinin azalmasına təsirini göstərib.

Bu il 406 hektar xaş-xaş ərazisi məhv edilib. Ötən il bu rəqəm 750 idi.

Əfqanıstanın 34 vilayətindən yalnız 10-da xaş-xaş əkilmir.

Əfqanıstan dünyada ən böyük tiryək istehsalçısıdır. Beynəlxalq donorlar son on ildə ölkədə narkotiklərlə mübarizəyə milyardlarla dollar xərcləyiblər. Fermerlər digər məhsullar əkməyə də həvəsləndirilir.