Qarakənd faciəsindən 27 il ötür

Qarakənddə Azərbaycan vertolyotunun vurulmasından arxiv fotoları

Bu gün, noyabrın 20-si Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində «Mi-8» helikopterinin vurulmasından 27 il ötür.

Helikopterin vurulması nəticəsində bir çox dövlət xadimləri və jurnalistlər həlak olub.

Həlak olanlar arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov Vəli Məmmədov da var. Habelə, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov və Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də həlak olub.

Bütünlükdə isə qəza nəticəsində 22 nəfər ölüb.

İlkin rəsmi məlumatlarda helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.

Faktla bağlı hadisənin ertəsi günü Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb və istintaqın davam etdirilməsindən ötrü Respublika Prokurorluğuna verilib.

Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olduğu göstərilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Həmin hadisə ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.