Azərbaycandan daha çox İrana gedirlər

Aeroport

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420.4 min şəxs gəlib.

Dövlət Statistika Komitəsi ( DSK) bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.1 faiz çoxdur: «Gələnlərin 31.1 faizi Rusiya, 20.2 faizi Gürcüstan, 10.1 faizi Türkiyə, 8.9 faizi İran, 3.2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2.8 faizi Səudiyyə Ərəbistanı, 2.6 faizi İraq, 2 faizi Ukrayna, 1.6 faizi İsrail vətəndaşlarıdır».

DSK bildirir ki, gələnlərin 0.1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.

Gələnlərin 65.5 faizini kişilər, 34.5 faizini isə qadınlar təşkil edib: «Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşları 2.2 dəfə, Küveyt vətəndaşları 2 dəfə, Qətər vətəndaşları 1.6 dəfə, İraq vətəndaşları 13.7 faiz, Oman vətəndaşları 6.3 faiz artıb».

İrandan və Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında azalma var.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16.2 faiz artaraq 4 milyon 14.6 min nəfər olub: «Ölkə vətəndaşlarının 32.2 faizi İrana, 29.6 faizi Gürcüstana, 19.1 faizi Rusiya Federasiyasına, 12.9 faizi Türkiyəyə, 1.5 faizi Ukraynaya, 0.9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3.8 faizi isə digər ölkələrə səfər ediblər».

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61.4 faiz, Gürcüstana gedənlərin sayı isə 2.7 faiz artıb.

Yerli mətbuatda yazılanlara görə, Azərbaycan vətəndaşları İrana daha çox müalicə və alış-veriş (İranda Azərbaycanla müqayisədə qiymətlərin ucuz olduğu deyilir) məqsədilə gedirlər. Mətbuatda yazılanlara görə, İrana sanksiyalardan sonra bu ölkənin milli valyutasının ucuzlaşması bu prosesi bir qədər də genişləndirib.