Daha 304 vərəsəyə müavinət veriləcək

Sizin brauzer HTML5-i dəstəkləmir

Vətən uğrunda həlak olanların yaxınları prezidentin ayırdığı müavinəti ala bilmirlər

Qarabağ uğurunda döyüşlərdə həlak olan daha 223 nəfər hərbi qulluqçunun 304 vərəsəsinə birdəfəlik müavinət veriləcək.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin məlumatında yazılır ki, indiyədək ümumilikdə həlak olan 447 hərbi qulluqçunun 585 vərəsəsinə ödəmənin ayrılması barədə qərar verilib.

Məlumatda habelə vurğulanır ki, bununla yanaşı, məhkəmə aktları əsasında 469 hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək. Ancaq ümumilikdə proses hələ başa çatmayıb.

Xatırlatma

Prezident İlham Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların bəzilərinin ailələrinin narazılığı eşidilməyə başlayıb. Həmin ailə təmsilçiləri deyiblər ki, müraciət edəndə onların bu müavinəti artıq aldıqları bildirilib. Onlar dəfələrlə Prezident Administrasiyası, Milli Məclis önünə toplaşaraq narazılıqlarını açıq şəkildə də ifadə ediblər.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkətin yaydığı açıqlamaya görə isə, onlara 1991-1997-ci illərdə 50 min – 200 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.