Tacikistandakı həbsxana qiyamı haqda nazir danışdı

Sirojiddin Muhriddin (soldan birinci)

Tacikistanın baş diplomatı deyir ki, Xucand şəhərində son həbsxana qiyamında 25 nəfər öldürülüb. Bu, həmin hadisə barədə ilk rəsmi açıqlamadır.

Xarici işlər naziri Sirojiddin Muhriddin deyib ki, həbsxanada üsyançılar nəzarətçilərə hücum edib, iki rəsmini öldürüb, beşini yaralayıblar.


Rəsmilər onlarla danışmağa cəhd göstərsələr də üsyançılar qarşıdurmaya gedib, həbsxanadan qaçmağa çalışıblar”, – Muhriddin söyləyib.

Nazir qarşıdurma zamanı 21 üsyançının “zərərsizləşdirildiyini”, iki məhbusun isə nəzarətçilərə kömək edərkən həlak olduğunu qeyd edib.

İndiyədək hökumət noyabrın 7-də axşam baş vermiş insidentlə bağlı açıqlama verməmişdi.

Yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü bu həbsxanada əsasən terrorçuluq, ekstremizm və digər ağır cinayətlərdə təqsirli bilinənlər cəza çəkir.

Muhriddin deyib ki, üsyançılardan 12-si Suriya və İraqda İslam Dövləti qruplaşması yaraqlıları ilə birlikdə vuruşublar.

Onun sözlərinə görə, istintaq bitincə hökumət rəsmi bəyanat yayacaq.

AzadlıqRadiosu-nun tacik xidməti son günlər altı həbsxana məmurunun saxlanması barədə məlumat əldə edib.