Britaniya polisi martda Solsberi şəhərində rusiyalı keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsində əil olduğunu bildirdiyi iki şübhəlinin daha bir videosunu yayıb.
Sentyabrda Aleksandr Petrov və Ruslan Boshirov adlı həmin şəxslərə qiyabi ittiham irəli sürülüb.
Bellingcat araşdırma vebsaytı həmin şəxslərin əsl adlarının Alexander Yevgenyevich Mishkin və Anatoliy Chepiga olduğunu, hər ikisinin Rusiyanın GRU kəşfiyyat xidməti üçün çalışdığını bildirir.
Polisin noyabrın 22-də yaydığı videoda həmin şəxslərin martın 4-də Solsberiyə gəldiyi, orada gəzişdiyi görünür. Skripallar həmin gün skamyada huşsuz vəziyyətdə tapılıblar.
Bu zəhərlənmə hadisəsi Rusiyanın qərblə onsuz da gərgin olan münasibətlərini daha da qəlizləşdirib.