ABŞ Meksikayla əsas sərhəd keçid məntəqəsini açıb

Mərkəzi Amrikadan gələn miqrantlar

Birləşmiş Ştatlar Meksikayla əsas sərhəd keçid məntəqəsini yenidən açıb. Miqrantlar iki ölkəni ayıran hasarı yarmaq istəyərkən ABŞ sərhədçiləri gözyaşardıcı qazdan istifadə etmiş və məntəqə bir neçə saatlığa bağlanmışdı.

Noyabrın 25-də San Dieqo və Tixuana arasındakı San Ysidro limanında hər iki istiqamətə gediş-gəliş dayandırılmışdı.

Meksika Birləşmiş Ştatlarla “zorakılıqla və qanunsuz” girməyə çalışan miqrantların deportasiya olunacağını bildirib.

Mərkəzi Amerikadan gələn miqrant karvanı Birləşmiş Ştatlar sərhədinə yaxınlaşınca bölgədə gərginlik artıb. Miqrantlar Tixuana futbol stadionunda qalırlar.

Noyabrın əvvəlində konqresə seçki zamanı Prezident Donald Trump miqrantlarla bağlı sərt mövqe tutulacağını bildirib.

Noyabrın 8-də onun administrasiyası Birləşmiş Ştatların Meksikayla sərhədini qanunsuz keçən miqrantların sığınacaq üçün müraciət etməsinə dair yeni qadağaları təsdiqləyib.