AB Əfqanıstana 500 milyon dollar ayırır

Ashraf Ghani konfransda çıxış edir

Avropa Birliyi Əfqanıstana 474 milyon avro (535 milyon dollar) maliyyə yardımı ayırdığını elan edib. Bu açıqlama BMT-nin dəstəyilə keçirilən konfransda verilib.

Noyabrın 27-də Cenevrədə başlanmış ikigünlük konfransda Əfqanıstan Prezidenti Ashraf Ghani donorları ölkəsinə investisiya qoymağa çağırıb. Konfransa onlarla ölkədən baş diplomatlar qatılıb.

Toplantıda Əfqanıstan hökumətinin 2016-cı ildə keçirilmiş donor konfransından bəri təhsilə, səhiyyəyə, infrastruktura və korrupsiyayla mübarizəyə ayrılmış milyardlarla dolları necə xərclədiyi də nəzərdən keçiriləcək.

Avropa Komissiyası bildirib ki, yeni ayrılmış vəsait dövlət sektoru, səhiyyə, ədliyyə, miqrasiya və köçkünlük məsələləri ilə bağlı islahatlara xərclənəcək.

Konfrans zamanı beynəlxalq donorların Əfqanıstana milyardlarla dollar boyun olacağı gözlənir.