Azərbaycan daha bir ölkəyə sülhməramlılar göndərir

Azərbaycan sülhməramlıları

Azərbaycanın Cənubi Sudana sülhməramlılar göndərəcəyi gözlənir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır. Azərbaycanın hərbi qulluqçularının 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulur.

Müdafiə Nazirliyi göndəriləcək sülhməramlıların sayı barədə məlumat vermir.

Azərbaycan hərbi qulluqçuları bundan öncə Kosovoda, İraqda sülhyaratma əməliyyatlarına qatılıblar.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 120 nəfərlik heyəti BMT-nin Əfqanıstandakı sülhyaratma missiyasında iştirak edir.

Xatırlatma

1956-ci il yanvarın 1-də Sudanda dövlət müstəqilliyi elan edilən vaxt ölkədə Şimal-Cənub qarşıdurması başlayıb. Uzun illər davam edən silahlı münaqişə 1972-ci ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sülh müqaviləsinin bağlanması ilə başa çatıb. Müqaviləyə uyğun olaraq, Cənuba daxili idarəetmə məsələlərində muxtariyyət verilib.

Lakin 1983-cü ildə onların arasında yenidən hərbi əməliyyatları bərpa edilib. 20 ildən çox davam edən silahlı qarşıdurma 2005-ci ilin yanvarında Keniyanın paytaxtı Nayrobidə hərtərəfli sülh sazişinin imzalanması ilə nəticələnib.

2011-ci ildə Sudan Respublikası Cənubi Sudanın müstəqilliyini tanıyıb. Buna baxmayaraq, regionda silahlı qarşıdurma davam etməkdədir.

BMT Təhlükəsizlik Şurası 2013-cü il dekabrın 24-də Cənubi Sudana sülhməramlı qüvvələr göndərilməsi barədə qərar qəbul edib. Hazırda regionda BMT missiyası altında 12 mindən çox sülhməramlı var.