Daha 240 vərəsə müavinət alacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Əsgər ailələri prezidentlə görüş tələb edir

Qarabağ uğrunda döyüşlərdə həlak olan daha 161 nəfər hərbi qulluqçunun 240 vərəsəsinə birdəfəlik müavinət veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir ki, qurum noyabrın 28-də belə qərar verib.

Nazirliyin məlumatına görə, indiyədək ümumilikdə həlak olan 608 hərbi qulluqçunun 825 vərəsəsinə ödəmənin ayrılması barədə qərar qəbul olunub.

Məlumatda habelə vurğulanır ki, bununla yanaşı, məhkəmə aktları əsasında 473 hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub.

Nazirliyin bildirməsinə görə, dövlət başçısının fərmanına əsasən, ümumilikdə 9 min 531 hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun olduğu müəyyən edilib.

Xatırlatma

Prezident İlham Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Amma bundan sonra Qarabağ uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçuların bəzilərinin ailələrinin narazılığı eşidilməyə başlayıb. Həmin ailə təmsilçiləri deyiblər ki, müraciət edəndə onların bu müavinəti artıq aldıqları bildirilib. Onlar dəfələrlə Prezident Administrasiyası (PA), Milli Məclis önünə toplaşaraq narazılıqlarını açıq şəkildə də ifadə ediblər. Dünən, noyabrın 27-də isə onlar yenidən PA-da qəbulda olublar. Onlara, demələrinə görə, məhkəməyə müraciət etmələri tövsiyə edilib.

Bir qədər əvvəl, Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirmişdi. Şirkətin yaydığı açıqlamaya görə isə, onlara 1991-1997-ci illərdə 50 min – 200 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.