İrandan Azərbaycana gələn bu ölkənin vətəndaşının daxili orqanında psixotrop maddə aşkarlandığı bildirilir.
Bununla bağlı bu gün, noyabrın 29-da Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
DGK bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Biləsuvar gömrük postunda saxlanıb: «Onun daxili orqanı - düzbağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb».
DGK qeyd edir ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir. MDMA «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in I Siyahısına daxildir.
24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0.72 qram təşkil edir.
Saxlanan İran vətəndaşının adı açıqlanmır, onun ittihama münasibəti bəlli deyil.
Bu yaxınlarda da DGK bildirmişdi ki, noyabrın 19-da «Biləsuvar» buraxılış məntəqəsində iki İran vətəndaşının daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkarlanıb.