Kosovo tariflərlə bağlı çağırışları rədd edir

Ramush Haradinaj çıxış edir

Kosovo Serbiyadan idxala qoyduğu 100 faizlik tarifi ləğv etməsinə dair ABŞ və Avropa Birliyinin çağırışlarını rədd edib. Priştina bildirir ki, Serbiya onun suverenliyini tanımayınca, qonşusu ilə münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə etməyincə, tariflər qüvvədə qalacaq.

Kosovonun Baş naziri Ramush Haradinaj noyabrın 29-da deyib ki, hökumət tarifi Serbiyaya “mesaj” göndərmək məqsədilə qoyub – Serbiya nəinki keçmiş respublikanın müstəqilliyini tanımalıdır, eyni zamanda Priştinanın BMT, Interpol və digər qurumlara üzvlük cəhdlərini önləməyi dayandırmalıdır.

“Bəzi adamlar düşünə bilərlər ki, bu qərar yalnız bir neçə gün çəkə bilər, ancaq belə düşünməsinlər. Bu, uzun müddət qüvvədə qala bilər”, – Haradinaj deyib.

Baş nazirin sözlərinə görə, Kosovo Serbiyanın yekun razılaşma üzrə danışıqlara başlamayınca tariflər qüvvədə qalacaq.

Vaşinqton da Kosovonu tarifi ləğv etməyə çağırıb, deyib ki, bu tariflər Priştina və Belqradın münasibətləri normallaşdırmaq cəhdlərinin qarşısını alır.

Avropa Birliyi isə xəbərdarlıq edib ki, gömrük vergisi Mərkəzi Avropa Azad Ticarət razılaşmasını pozur.

Bu addım yaxşı qonşuluq münasibətlərinin yaradılmasına kömək etmir və ləğv olunmalıdır”, – AB-nin xarici siyasət rəhbəri Federica Mogherini noyabrın 28-də Kosovo Prezidenti Hashim Thaci ilə telefon söhbətində deyib.