Merkelin təyyarəsi məcburi eniş edib

Angela Merkel təyyarədən çıxır

Almaniya kansleri Angela Merkeli Argentinaya Böyük 20-liyin sammitinə aparan təyyarə məcburi eniş edib. Almaniya Hava Qüvvələri bu insidentin araşdırıldığını bildirir.

A340 aerobusu noyabrın 29-da axşam Köln-Bonn aeroportuna planlaşdırılmayan, amma təhlükəsiz eniş edib.

Almaniya Hava Qüvvələrinin komandiri Guido Henrich deyib ki, pilotlar Niderland üzərində radio avadanlığının nasazlığını hiss ediblər və Almaniyaya qayıdıblar.

“Der Spiegel” dərgisinin yazmasına görə, hökumət təyyarəsinin kommunikasiya sistemi bütünlükdə işləməyib, ciddi fövqəladə durum yaranıb.

Merkel insidenti “ciddi nasazlıq” adlandırıb.

Kansler kiçik nümayəndə heyəti ilə noyabrın 30-da səhər başqa bir təyyarə ilə Madridə uçub, oradan isə kommersiya təyyarəsi ilə sammitin keçiriləcəyi Buenos Ayresə yola düşüb.