Ofisiantlar da vergi ödəyəcək

Ofisiant

Azərbaycan parlamenti bu gün, noyabrın 30-da Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə edib.

Turan-ın məlumatına görə, deputatlar dəyişikliklərin lehinə səs veriblər.

Dəyişikliklərə əsasən, sadələşdirilmiş vergi dərəcəsi 4%-dən 2%-dək azaldılıb.

İaşə obyektlərində xidmət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyəcəklər. Məbləğ sabitdir: ofisiantlar ayda 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat.

Məcəlləyə edilən dəyişikliklər özəl, qeyri-neft sektorunda çalışan işçilər üçün əməkhaqqı 8000 manatadək olduqda, 7 il ərzində 14%-lik gəlir vergisinin aradan qaldırılmasını nəzərdə tutur. Əməkhaqqı 8000 manatdan çox olan şəxslərin gəlir vergisi 25%-dən 14%-dək azaldılıb.

Avtomobillərin aksiz vergisi artırıldı

Bununla yanaşı, Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri də artırılır.

Dəyişikliyə əsasən, minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda, mühərrikin həcminin hər kubsantimetrinə görə 0.30 manat (hazırda 0. 20 manat);

mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda, 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (hazırda 3 manat);

mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda, 5600 manat (hazırda 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat, (hazırda 8 manat);

mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda, 18600 manat (hazırda 11400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat (hazırda 20 manat);

mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda, 53600 manat (hazırda 31400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.